Hövzə Xəbər Agentliyinin "İRNA News"a istinadən verdiyi məlumata görə "Əl-Cəzirə" telekanalı bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 13 iyun tarixində İsraillə başlayan 12 günlük müharibədən sonra ilk dəfə olaraq ictimaiyyət arasında görünüb.
Telekanalın məlumatına görə, Ali Rəhbərin ofisi tərəfindən yayımlanan görüntülərdən aydın olur ki, Ayətullah Xamenei Aşura gecəsinə həsr olunmuş matəm mərasimində iştirak edib.
İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Rza Arif, Parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Məhkəmənin rəhbəri Qulam Hüseyn Möhsini də mərasimdə Ali Rəhbərin yanında iştirak edən şəxslər sırasında olublar. Mərasim iştirakçıları “Yaşasın!”, “Damarlarımızdakı qan rəhbərimizə fəda olsun!” kimi şüarlar səsləndiriblər.
“Reuters” Xəbər Agentliyi də Ayətullah Xameneinin İmam Xomeyni (r) Hüseyniyəsindəki iştirakını geniş işıqlandıraraq bildirib ki, İran televiziyası tərəfindən yayımlanan kadrlarda Ali Rəhbərin şənbə günü dini mərasimdə iştirakı görünür.
“Reuters” Xəbər Agentliyinin məlumatına görə, bu Ali Rəhbərin İsraillə müharibə dövründə “gizli bir məkanda” olduğu müddətdən sonra ilk ictimai çıxışıdır.
Dövlət mediası tərəfindən yayımlanan görüntülərdə Aşura gecəsinə həsr olunmuş mərasimdə iştirak edən onlarla insan əks olunub. Ali Rəhbər salona daxil olarkən iştirakçılar ayağa qalxaraq şüarlar səsləndiriblər. Hansı ki, bir çox dövlət tədbirləri elə məhz bu məkanda keçirilir.
26 iyun tarixində Ayətullah Xamenei televiziya vasitəsilə yayımdan öncə yazılmış çıxışında bildirib ki, ABŞ Prezidenti Donald Trampın çağırışlarına baxmayaraq İran geri çəkilməyəcək və təslim olmayacaq.
"France 24" telekanalı da xəbər verir ki, Ayətullah Əli Xamenei İsraillə İran arasında başlayan 12 günlük müharibədən sonra ilk dəfə Aşura gecəsinə həsr olunmuş matəm mərasimində ictimaiyyət qarşısında çıxış edib.
İran televiziyası onun zalda iştirakçıları salamlaması və izdihamın şüarlarına baş və əl hərəkətləri ilə cavab verməsini nümayiş etdirib.
Mərasim, Tehranda Ali Rəhbərin iqamətgahı və ofisi yaxınlığında yerləşən məsciddə keçirilib. İranın yüksək vəzifəli şəxsləri o cümlədən Parlamentin sədri də mərasimdə iştirak edib. Bu cür tədbirlər adətən yüksək təhlükəsizlik tədbirləri altında təşkil olunur.
"Irish Examiner" nəşri isə qeyd edib ki, Həzrət Ayətullah Xamenei 12 günlük müharibənin başlanmasından sonra ilk dəfə ictimaiyyət qarşısında görünərək mühüm siyasi addım atıbdır.
Onun müharibə dövründə ictimaiyyət arasında olmaması, Ali Rəhbər üçün görülən ciddi təhlükəsizlik tədbirlərindən xəbər verir.
"Russia Today" (RT) telekanalı xəbər verir ki, Ayətullah Əli Xamenei İsraillə münaqişənin başladığı gündən bəri ilk dəfə Aşura mərasimində iştirak edib.
"RİA Novosti" isə bu hadisəyə dair yayımladığı videoya istinadla bildirib: "İmam Xomeyni (r) Hüseyniyəsində keçirilən Aşura gecəsinə həsr olunmuş mərasimdə İslam İnqilabının Ali Rəhbərinin ilk dəfə iştirak etdiyi anlar" yayımlanıb.
Rusiyanın bu dövlət mediası vurğulayıb ki, Aşura hadisəsi İslam dünyasında xüsusilə şiələr üçün əhəmiyyətli dini günlərdən biridir və bu gündə möminlər İmam Hüseynin (ə) şəhadətini yad edirlər.
RBK Xəbər Agentliyi isə məlumat verib ki, Ayətullah Xamenei İsrailin İrana qarşı başladığı hərbi təcavüzdən sonra ilk dəfə olaraq ictimai dini mərasimdə iştirak edib.
Mənbənin qeyd etdiyinə görə, münaqişənin ilk günlərindən etibarən Həzrət Ayətullah Xamenei xalqa bir neçə video müraciət ünvanlayıb. O, iyun ayının sonlarında yayımlanan bu çıxışların birində İsrail üzərində qələbəni elan edərək İran xalqını təbrik edib.
İsrail 13 iyun tarixindən etibarən fasiləsiz şəkildə İrana hücumlar təşkil etmiş, bu hücumlar nüvə obyektlərini, müdafiə sistemlərini, yüksək rütbəli hərbi rəsmiləri və nüvə alimlərini hədəf almışdır.
Cavab olaraq İran İsrail istiqamətində yüzlərlə ballistik raket atmış və İranın bu hücumları İsrailin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olmaqla yanaşı 28 nəfərdən çox insanın həlak olması ilə nəticələnmişdir.
Bəzi bölgə telekanalları proqram yayımını dayandıraraq İranın Ali Rəhbərinin Aşura gecəsi mərasimində iştirakına dair görüntüləri təcili xəbər başlığı ilə yayımlamış və bu iştirakın düşmən təhdidlərinə baxmayaraq baş tutmasını gözlənilməz hadisə kimi qiymətləndirmişlər.
"Əl-Cəzirə" telekanalı da öz adi proqramlarını yarımçıq saxlayaraq Ayətullah Seyid Əli Xameneinin Tehranda yerləşən İmam Xomeyni (r) Hüseyniyyəsində Aşura gecəsi mərasimində iştirakını əks etdirən görüntüləri yayımlamış və qeyd etmişdir ki, bu Ayətullah Xameneinin bir neçə həftəlik fasilədən sonra ilk dini mərasimdə iştirakı olmuşdur.
"Rusiya Əl-Yəvm" telekanalı isə mərasim zamanı Ayətullah Xameneinin Hüseyniyyəyə daxil olduğu anları əks etdirən videoçarxı yayımlamış və bildirmişdir ki, onun gəlişi ilə bütün mərasim iştirakçıları, o cümlədən qadınlar, kişilər və uşaqlar ayağa qalxaraq ona dəstək şüarları səsləndirmişlər. Eyni zamanda, İranın Ali Rəhbəri də xalqın bu emosional qarşılamasına səmimi şəkildə cavab vermişdir.
“Rusiya Əl-Yəvm” əlavə edib ki, bu İran ilə İsrail arasında 12 gün davam edən son toqquşmalardan sonra Ayətullah Xameneinin ilk açıq-aşkar ictimai çıxışı olmuşdur. Halbuki bu müddət ərzində onun qətlə yetirilməsi ilə bağlı İsrailin planlarının olduğuna dair xəbərlər yayılmış, o isə xalqla yalnız televiziya çıxışları vasitəsilə əlaqə saxlamışdır.
İraqın “Ən-Nucaba” telekanalı da Ali Rəhbərin Aşura gecəsi mərasimində iştirakına toxunaraq qeyd etmişdir ki, Ayətullah Xamenei mərasimin məşhur məddahı Mahmud Kərimiyə “Ey İran” surudunu ifa etməyi istəmişdir.
Telekanalın verdiyi məlumata əsasən, Ayətullah Xamenei Məhmud Kərimiyə "əgər yorulmamısansa "Ey İran" surudunu oxu deyərək müraciət etmiş və Aşura gecəsi mərasiminin bir hissəsi bu milli ruh yüksəkliyini əks etdirən ifa ilə davam etmişdir.
“Beyrut News” xəbər portalı da mərasim zamanı Ayətullah Xameneinin Hüseyniyyəyə daxil olmasını əks etdirən videoçarx yayımlamış və bildirmişdir ki, onun zala daxil olduğu anda iştirakçılar ona dəstək şüarları səsləndirmiş, Ali Rəhbər isə onların coşqun qarşılamasına hörmətlə cavab vermişdir.
“Beyrut News” əlavə etmişdir ki, Ayətullah Seyid Əli Xameneinin İran ilə İsrail rejimi arasında baş vermiş və 12 gün davam etmiş son müharibədən sonra ilk ictimai iştirakıdır.
“Independent Arabia” xəbər verir ki, iyulun 14-də Tehranda yerləşən İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən Aşura gecəsi mərasimindən yayımlanan videoya əsasən, tanınmış iranlı məddah Mahmud Kərimi mərasimdə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə “Ey İran” surudunda bəzi dəyişikliklər edərək ifa etmişdir.
Məlumatda qeyd olunur ki, bu mərasim Ayətullah Xameneinin İsraillə baş vermiş 12 günlük müharibədən sonra ilk ictimai çıxışı olmuşdur.
"Əl-Məyadin" telekanalı isə xəbər verir ki, İranla İsrail rejimi arasında baş vermiş silahlı toqquşmadan sonra Ayətullah Seyid Əli Xameneinin ilk ictimai iştirakı Aşura gecəsi mərasimində qeydə alınmışdır.
Telekanal əlavə edib ki, bu mühüm çıxış zamanı Ayətullah Xamenei İsrailin İrana qarşı başladığı müharibənin əsas məqsədlərindən birinin İran İslam Respublikasının devrilməsi və ölkədə xaosun yaradılması olduğunu vurğulamışdır. Hərçənd ki, müharibənin əvvəlində nə İsrail, nə də ABŞ bu hədəfləri açıq şəkildə dilə gətirmirdi. Lakin sonradan İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın Prezidenti Donald Trampın Ayətullah Xameneiyə yönəlmiş açıq təhdidləri bu məqsədləri ifşa etmiş oldu.
“Əl-Məyadin” həmçinin qeyd edir ki, İsrailin İrana qarşı 12 gün davam edən hərbi təcavüzü iyunun 25-də başa çatdıqdan sonra İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, Ayətullah Xameneiyə qarşı sui-qəsd planlaşdırılmışdı, lakin bu məqsədi reallaşdırmaq üçün heç bir imkan yaranmamışdır.
Telekanal əlavə edir ki, Ayətullah Seyid Əli Xameneinin İslam dünyasındakı dini və siyasi nüfuzu nəzərə alınaraq bir çox ölkələr, siyasi partiyalar və regional güclər bu təhdidləri sərt şəkildə pisləmişlər.
“Əl-Mənar” telekanalı da xəbər verir ki, şənbə günü Tehranda, İmam Xomeyni (r) Hüseyniyyəsində keçirilən İmam Hüseynin (ə) əzadarlıq mərasimi izdihamlı şəkildə o cümlədən müxtəlif təbəqələrdən olan minlərlə insanın iştirakı ilə baş tutmuşdur.
Məlumata görə, Ali Rəhbər Ayətullah Xamenei mərasimdə iştirak edən müxtəlif sosial təbəqələrdən olan minlərlə insanla birlikdə İmam Hüseynin (ə), onun ailəsinin və səhabələrinin Kərbəla hadisəsi zamanı şəhid edilməsinin ildönümünü yad etmişdir.
Livanın “Əl-Mənar” telekanalı bildirib ki, mərasim iştirakçıları İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə keçirilən bu tədbirdə Aşura xatirəsinin əbədiləşdirilməsinin dini və mənəvi dəyərlərə sadiqliyin bir göstəricisi olduğunu vurğulamışlar.
Onlar həmçinin bəyan etmişlər ki, İmam Hüseynin (ə) yanaşması bu günün çətinlikləri ilə üzləşən yeni nəsillər üçün əbədi ilham mənbəyidir və İslam dünyasının zülm və istibdada qarşı birliyə və həmrəyliyə ehtiyacı daha da aktuallaşmışdır.
“Şəfəq News” xəbər portalı isə yazır ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Aşura günü münasibətilə Tehranda keçirilən əzadarlıq mərasimində iştirak etmiş və İran xalqının dəstəyini qazanmışdır.
Portal əlavə edib ki, Ayətullah Xameneinin İsraillə baş vermiş 12 günlük hərbi gərginlikdən sonra ilk ictimai iştirakıdır.
"Kurdistan 24" telekanalı da Aşura gecəsi İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən mərasimə dair görüntülər paylaşaraq qeyd etmişdir ki, Ayətullah Seyid Əli Xamenei şənbə günü Tehranda dini mərasimdə iştirak edib. Bu onun İsraillə atəşkəsdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxması kimi qeydə alınıb.
Kanal həmçinin qeyd edir ki, Ayətullah Xameneinin sonuncu çıxışı iyunun 18-də müharibə dövründə yayımlanmış video müraciət şəklində olmuşdur.
Bundan əlavə, “Ərəb News”, Rusiyanın “Sputnik” Agentliyi, Fələstinin “Maa” və “Səma” xəbər Agentlikləri, İraqın “962” telekanalı, “Rai əl-Yəvm” və “Əş-Şarq əl-Avsat” Səudiyyə Ərəbistanı, “Ramallah” xəbər şəbəkəsi və “Sovt -əl- Quds” portalı da Ayətullah Seyid Əli Xameneinin Aşura gecəsi Tehranda yerləşən İmam Xomeyni (r) Hüseyniyyəsində keçirilən əzadarlıq mərasimdə iştirakını geniş şəkildə işıqlandırmışdır.
Rəyiniz